"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.

Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Konsepsiyada vətəndaşların, biznesin və dövlətin maraqları nəzərə alınaraq hər üç tərəfin ehtiyaclarına uyğun həllər təqdim edilir. Vətəndaşların rifahını artırmaq məqsədilə dövlət xidmətlərinin həyat hadisələri əsaslı təşkili nəticəsində əlçatanlığının və fərdiləşdirilməsinin təmin edilməsi, eyni zamanda proaktiv xidmətlərin təqdim olunması nəzərdə tutulur. İnsan amilinin rolunun minimuma endirilməsi ilə vətəndaşlar üçün daha effektiv və rahat xidmət təcrübəsi təmin ediləcək. Biznesin İKT resurslarına çıxışının təmin olunması, rəqəmsal texnologiyalar vasitəsilə biznes proseslərinin inkişaf etdirilməsi, İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi, innovasiya ekosisteminin və startapların inkişafının dəstəklənməsi nəzərdə tutulur. Dövlət istiqamətində isə ölkədə rəqəmsal arxitektura quruculuğu, müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformaların inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi ilə daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, şəffaflığın gücləndirilməsi, resursların effektiv istifadəsi və iqtisadi artımın dəstəklənməsi hədəflənir.

Konsepsiyada qeyd edilən bu yanaşma cəmiyyətin hər bir təbəqəsinə fayda verən dayanıqlı rəqəmsal ekosistemin qurulmasını, rəqəmsal texnologiyaların geniş tətbiqini və innovasiyaların təşviqini nəzərdə tutur. Belə ki, Konsepsiya çərçivəsində rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişaf üçün zəruri kadr potensialının inkişaf etdirilməsi məqsədilə əhalinin rəqəmsal hazırlığının, o cümlədən kiberməlumatlılığının artırılması, müasir İKT üzrə mütəxəssislərin hazırlanması, təlim proqramlarının təşkili, dövlət və özəl sektor əməkdaşlığı ilə kadr potensialının artırılması kimi tədbirlər nəzərdə tutulur. 

Konsepsiyada proseslərin və xidmətlərin rəqəmsallaşdırılması zamanı “bulud” texnologiyaları və süni intellekt həllərinin tətbiqi və məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb.

Konsepsiya Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi yolunda əhəmiyyətli bir addım olaraq ölkənin inkişaf prioritetlərinə böyük dəstək verəcək.