29 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq və Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Moon Jong Hyun ilə görüşüb.
“Koreya Respublikasının 2023-cü il üzrə Kiçikhəcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində həyata keçirilən “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” layihəsi çərçivəsində avadanlıqların verilməsi haqqında qəbul və təhvil-təslim protokolunun imzalanma mərasimi baş tutub.
Layihə müvafiq avadanlıqlar vasitəsilə “ASAN xidmət”in 108 Çağrı Mərkəzində azərbaycanlı mütəxəssislərin hazırladığı süni intellektin tətbiqi əsasında xidmətlərin daha da təkmilləşdirilməsini, qlobal standartlara uyğunlaşdırılmasını hədəfləyir. Sözügedən avadanlıqlar tapşırıqların avtomatlaşdırılmasına, çoxsaylı zənglərin eyni anda qəbuluna və gözləmə müddətinin azaldılmasına imkan verəcək. Çağrı Mərkəzinin fəaliyyəti 24 saat ərzində təmin ediləcək, insan resurslarına və digər xərclərə qənaət ediləcək. Eyni zamanda toplanmış məlumat analitikası vasitəsilə xidmətlərin fərdiləşdirilməsi və optimallaşdırılması mümkün olacaq.