Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edib. Təqdim edilmiş Vision Pro ilk növbədə AR cihaz kimi qələmə verilsə də, onda olan xüsusi diyircəkli düymə vasitəsilə VR rejimə keçid imkanı reallaşdırılıb. Vision Pro-nun komplektində idarəetmə təchizatları mövcud deytil. Belə ki, idarəetmə prosesi gözlər, barmaq jestləri və səsli əmrlər vasitəsilə reallaşdırılır. MR cihazın konstruksiyası 5 ədəd sensor, 12 ədəd kamera və iki ədəd yüksək keyfiyyətli ekrandan təşkil olunub. Bununla yanaşı cihaz aktiv soyutma sisteminə və həcmli səslənməni təmin edən Audio Pods adlı qulaqlıqlara sahibdir.
MR cihazın arxa hissəsi parça materialdan hazırlanıb və onun konstruksiyası modul tiplidir. Buna görə də cihaz müxtəlif ölçüdə baş hissəsinə sahib istifadəçilər üçün rahatlıqla uyğun gələcək. Cihazın gövdəsində bir neçə idarəetmə düyməsi var və onlar əsasən foto və videoların çəkilməsi, o cümlədən AR ilə VR arasında keçid üçün nəzərdə tutulub. Zeiss şirkəti Vision Pro üçün xüsusi maqnit bərkidicilər hazırlayıb. Həmin maqnit bərkidicilər cihaza qoşulur və eynəkdən istifadə edən istifadəçilərin Vision Pro-dan rashatlıqıla istifadə etmələri üçün nəzərdə tutulub. MR cihaz xarici batareya vasitəsilə çalışır və batareya istifadəçinin kəmər hissəsinə bərkidilir. Cihaz isə öz növbəsində batareyaya naqil vasitəsilə qoşulur.
Şirkətin verdiyi məlumata əsasən cihaz batareya vasitəsilə 2 saat ərzində çalışa bilir. Vision Pro hal hazırda bazarda olan ən yüksək keyfiyyətli micro-OLED ekranlar ilə təchiz olunub. Onlar bu cür cihaz üçün rekord göstəricidə piksel sıxlığına sahibdirlər. Belə ki, istifadəçinin hər bir gözü üçün 4K televizorlarda olan piksel sayından daha çox piksel sərgilənir. Bu isə öz növbəsində istifadəçiyə 4K-dan daha yüksək keyfiyyətdə görüntünü təqdim edir. Cihaz həmçinin istifadəçini göz skanı vasitəsilə tanıya bilir. Bu texnologiya Optic ID adını əldə edib. Cihaz özündə istifadəçinin əl və göz hərəkətlərini təyin etmək üçün nəzərdə tutulmuş çoxlu sayda kameranı, sensoru və LiDAR skanerini birləşdirir.
İstifadəçinin əl hərəkətləri vasitəsilə idarəetmə prosesindən istifadəsi zamanı onun öz əllərini müəyyən hündürlüyə qaldırmasına ehtiyac qalmır. Belə ki, cihazın gövdəsinin alt hissəsində olan kameralar rahatlıqla istifadəçinin əl jestlərini təyin edə bilirıər. Vision Pro Apple şirkətinin M2 prosessoru və R1 adlı köməkçi prosessoru ilə təchiz olunub. R1 adlı köməkçi prosessor real zaman ərzində məlumatların emal edilməsi prosesindən cavabdehdir. Apple öz ilk MR cihazının imkanlarına geniş diqqət ayırıb. Cihazı istifadə etməyə başlayan zaman istifadəçi qarşısına dairəvi ikonlar şəklində olan tətbiqlər ortaya çıxır. Bu panel watchOS ilə macOS-in sintezini xatırladır.
İkonlar sanki göydə asılı vəziyyətdə qalırlar. İstifadəçi işə salınan tətbiqlərin pəncərələrinin ölçülərini istədiyi kimi ayarlaya və onları AR mühit çərçivəsində istənilən yerə sürüşdürə bilər. Bununla belə interfeysin bütün elementləri real dünyada kölgəyə sahibdirlər. Buna görə də onlar fiziki obyektlər kimi hiss olunurlar. İstifadəçi eyni anda bir neçə tətbiq ilə çalışa bilər. Hər hansısa tətbiqdən istifadə edən zaman istifadəçi öz istəyinə uyğun olaraq işə salınmış tətbiqin ətrafını qara fona və ya hansısa mənzərəyə çevirə bilər. Yaxınlıqda kənar şəxs olan zaman onun ətrafındakı interfeys şəffaf olur. Eyni anda Vision Pro-dan istifadə edənin gözləri də ekran xaricindən görünməyə başlayır. Bu texnologiya EyeSigh adını əldə edib.
İstifadəçi Vision Pro vasitəsilə 3D videolar çəkib onları izləyə bilər. Apple bildirib ki, ənənəvi ekranlar bu cür təcrübəni yaşamaq imkanını təqdim etmə potensialına sahib deyillər. Bununla yanaşı Vision Pro 3D filmlərin izlənməsinə də imkan verir. İstifadəçi MR cihazı özünə tərəf yönləndirərək özünün 3D modelini yarada və daha sonra həmin 3D modeli video konfranslarda istifadə edə bilər. Bu halda 3D mdoel istifadəçinin üz mimikalarını və göz hərəkətlərini təkrarlaya bilir. Vision Pro visionOS əməliyyat sistemi vasitəsilə çalışır. Apple bildirib ki, Vision Pro satışa çıxan zaman onun üçün yüzlərlə oyun və tətbiq aktiv olacaq. Şirkətin ilk MR cihazı gələn ilin əvvəlində satışa çıxacaq və 3500$-a satılacaq. Satışlara ilk növbədə yalnız ABŞ-da start veriləcək və müəyyən müddətdən sonra digər ölkələrdə də aktivləşəcək