Google şirkəti Android-də QR kodların skanı üçün nəzərdə tutulmuş skanerin yeni versiyasını test etməyə başlayıb. Yenilənmiş QR skaner hətta müəyyən məsafədə yerləşən QR kodu da skan edə biləcək. Məlumatda qeyd edilib ki, yenilənmiş QR skaner kamera vasitəsilə avtomatik şəkildə kadrda QR kodu aşkar edir, miqyası böyüdür və kodu skan edir.
Məsələn, istifadəçinin skan etmək istədiyi QR kod hündürlükdə yerləşən reklam bannerində əks olunubsa, istifadəçi öz smartfonunu reklam bannerinə yaxınlaşdırmağa ehtiyac duymayacaq. Çünki yenilənmiş QR skaner kamera vasitəsilə miqyası böyüdərək reklam bannerinin üzərindəki QR kodu avtomatik skan edəcək. Yenilənmiş skaner hələ istifadəyə verilməsə də, o, Google şirkətinin tərtibatçılara təqdim etdiyi son API interfeyslərində artıq mövcuddur. Yenilənmiş skaner Android 13 və ya ondan sonra istifadəyə veriləcək Android versiyaları vasitəsilə çalışan cihazlarda aktiv olacaq.