Android cihazlarınızdan pulunuzu oğurlayan zərərli proqram aşkarlanıb!
BingoMod, digər Android zərərli proqram ailələri ilə eyni şəkildə işləyir. Belə ki, əvvəlcə qurban, saxta antivirus proqramı kimi gizlədilmiş zərərli proqramı quraşdırmağa inandırılır. Quraşdırıldıqdan sonra BingoMod, istifadəçidən Əlçatımlılıq Xidmətlərinə daxil olmaq üçün icazə istəyir. İstifadəçi, bu icazəni verdikdən sonra APK özü açılır və zərərli yükləməni işə salır. Daha sonra BingoMod, arxa planda işləməyə başlayır və istifadəçi məlumatlarını oğurlamağa çalışır. Bunu isə keylogging və SMS müdaxilə üsullarından istifadə etməklə edir. Hakerlər, lazım olan məlumatları əldə etdikdən sonra cihazı ələ keçirə və pul köçürmələrinə başlaya bilərlər. BingoMod, özünümüdafiə məqsədləri üçün istifadəçinin cihazında sistem parametrlərini tənzimləməyi çətinləşdirir, müəyyən proqramların fəaliyyətini bloklayır və zərurət yarandıqda digər proqramları ləğv edir.
Cleafy-ə görə, BingoMod-un ən diqqətəlayiq təhlükəsizlik tədbiri, cihazı uzaqdan silmək imkanıdır. Bu xüsusiyyət, BingoMod tərəfindən cihaz administratoru mövcud olduqda həyata keçirilə bilər və adətən uğurlu saxtakarlıqdan sonra aktivləşdirilir. Bununla belə, bu funksionallıq yalnız cihazın xarici yaddaşı ilə məhdudlaşır. Tədqiqatçılar hesab edirlər ki, tam silinmə birbaşa cihazın sistem parametrlərindən hakerlər tərəfindən həyata keçirilir. Cleafy tədqiqatçıları, BingoMod-un digər məşhur Android troyanları kimi təkmil olmadığını bildirsələr də, bu zərərli proqramın istifadəçilər və maliyyə qurumları üçün ciddi risklər yaratdığını vurğulayırlar. Böyük iqtisadi itkilər və şəxsi məlumatların kompromis ehtimalı səbəbindən ehtiyatlı olmaq tələb olunur.