Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib. Məlum olub ki, həmin 12 mobil tətbiqdən 6-sı 1 aprel 2021-ci il tarixindən 10 sentyabr 2023-cü il tarixinə kimi Google Play platformasında mövcud olub. Sonradan tətbiqlər Google Play-dən silinsələr də onlar kənar tətbiq mağazalarında və istifadəçilərin cihazlarında hələ də aktivdirlər.
Məlumatda qeyd edilib ki, VajraySpy adlı troyan əsasən messencer və xəbər tətbiqləri kimi maskalanır. Sözügedən troyan Android cihazın sisteminə daxil olandan sonra istifadəçinin özəl məlumatlarını əldə edə bilir. Bura kontaktlar, mesajlar və s. daxildir. Əgər istifadəçi troyana əlavə imtiyazlar versə, troyan üstəlik telefon danışıqlarını da yaza bilər. Məlumata əsasən bu troyanı özündə birləşdirən tətbiqlər 1400 nəfər Google Play istifadəçisi tərəfindən yüklənilib. Google Play-də olmuş və daha sonra silinmiş tətbiqlərin siyahısı.
- Rafaqat (xəbər tətbiqi)
- Privee Talk (messencer)
- MeetMe (messencer)
- Let’s Chat (messencer)
- Quick Chat (messencer)
- Chit Chat (messencer).
VajraySpy troyanını özündə birləşdirən və kənar tətbiq mağazaları vasitəsilə yayılan tətbiqlərin siyahısı.
- Hello Chat
- YohooTalk
- TikTalk
- Nidus
- GlowChat
- Wave Chat.