Tokio Universitetinin mütəxəssisləri Alter3 adlı robot ilə böyük dil modeli olan GPT-4 arasında əlaqə yarada biliblər. Bunun sayəsində mütəxəssislər robotda insana bənzər jestləri yerinə yetirməyi və robotu təbii dil vasitəsilə proqramlaşdırmağı bacarıblar. Alter3 2016-cı ildə istifadəyə verilmiş robotun ən yeni versiyasıdır. O, bədənin yuxarı hissəsi vasitəsilə qəliz hərəkətləri yerinə yetirə bilir. Bura həmçinin real üz mimikaları da daxildir. Onun bədəni xüsusi dayağa bərkidilib. Bu səbəbdən də o, gəzə bilmir. Lakin bununla belə robot gəzmə prosesini imitasiya edə bilir.
GPT-4 vasitəsilə mütəxəssislər robotu müxtəlif simulyasiyaları yerinə yetirməyi öyrədiblər. Buna misal olaraq selfie fotosu çəkməyi, oyun topunun atılmasını, popkorn yeyilməsini və xəyali gitarada ifanı gətirmək olar. Daha əvvəllər bu cür hərəkətlərin yerinə yetirilməsi üçün onları ayrı-ayrılıqda proqramlaşdırmaq lazım gəlirdi. GPT-4 sayəsində isə robot bu tapşırıqları nitq vasitəsilə verilən təlimatları qəbul edərək yerinə yetirir. Mütəxəssislər bildiriblər ki, birbaşa idarə insan hərəkətlərinin linqvistik ifadələrinin robot bədəninə proqram kodu vasitəsilə köçürülməsi sayəsində mümkün olur.
Bu öz növbəsində robotla insan arasındakı qarşılıqlı əlaqə imkanlarını genişləndirir. Bunun sayəsində robototexnika sahəsində daha intellektual və adaptiv robotları gözləmək olar. Alter3-ün konstruksiyasında olan kamera ona insanların reaksiyalarını incələyərək öz davranışını təkmilləşdirməyə imkan verir. Robototexnika sahəsində böyük dil modellərinin istifadəsi mühəndisləri robotun hər bir hərəkətini proqramlaşdırmaq kimi rutin işdən azad edir. Nəticədə mütəxəssislər robotun hərəkətlərini tez, axıcı və dəqiq şəkildə ayarlaya bilirlər.