Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin payız sessiyasının dördüncü iclası keçirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsinin müzakirəsi olduğunu bildirib.
Gündəlik təsdiq olunduqdan sonra məsələ ilə əlaqədar Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib.
Ali Məclis sədrinin birinci müavini “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq Mərkəzi Seçki Komissiyası üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifinə əsasən Ali Məclis tərəfindən 5 il müddətinə seçildiyini qeyd edib, Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədləri - Bağırov Orxan Rza oğlunu, Əliyev Asim Yediyar oğlunu, Heydərli Elşən Sadıq oğlunu, Həsənli Çingiz Namizəd oğlunu, Orucəliyev Ramil Əli oğlunu, Rüstəmova Məlahət Oruc qızını və Yaqubov Nicat Əsgər oğlunu təklif edib.
Gündəlikdə duran məsələ ilə əlaqədar Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev çıxış edib, təklif olunan namizədlərin fəaliyyətini yüksək qiymətləndirib.
Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının üzvü Ramil Orucəliyev komissiyyanın yeni tərkibinə etimad göstərdiklərinə görə Ali Məclisin bütün üzvlərinə minnətdarlığını bildirib, komissiyanın bundan sonrakı fəaliyyətində də seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi addımları atacağını diqqətə çatdırıb.
Bununla da iclas başa çatıb.