Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclasın gündəliyinə 2 məsələ - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Media haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarının müvafiq müddəalarına uyğunlaşdırılmasının aparılması, seçki komissiyalarının fəaliyyətinin şəffaflığının, operativliyinin, peşəkarlığının artırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin 20 may 2024-cü il tarixli iclasında komitənin sədr və üzvlərinin, həmçinin, Ali Məclis Aparatının və Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə müzakirə olunub.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli Qanun layihəsi ilə bağlı məlumat verib və təmsil etdiyi komitənin rəyini bildirib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bildirib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa sonuncu əlavə və dəyişiklik 2015-ci il tarixdə edilib. Azərbaycan Respublikasında seçki prosesini tənzimləyən və əlaqəli normativ hüquqi aktlarda edilmiş əlavə və dəyişikliklər müvafiq qanuna əlavə və dəyişikliklər edilməsini zəruri edir. Bu məqsədlə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklərin həyata keçirilməsi təklif edilib.
Məsələ ilə əlaqədar müzakirələr zamanı deputat Yeganə Məmmədova sual və fikirlərini səsləndirib.
Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə müvafiq qurumların rəy və təkliflərini diqqətə çatdırıb.
Sonra “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəlikdə duran ikinci məsələnin - “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Ali Məclisin sədr müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın büdcəsini icra edir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq 2024-cü il tarixində “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Qanun layihəsi deputatlara paylanılıb, bundan başqa 16 may 2024-cü il tarixdə Ali Məclisin rəsmi internet saytında yerləşdirilərək ictimai müzakirəyə çıxarılıb. Layihə İqtisadi siyasət komitəsinin 18 may 2024-cü il tarixli iclasında komitənin sədr və üzvlərinin, həmçinin Ali Məclis və Nazirlər Kabineti Aparat nümayəndələrinin iştirakı ilə müzakirə olunub.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsi barədə məlumat verib və təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrasının təhlilinə dair analitik fəaliyyət üzrə auditor hesabatı diqqətə çatdırıb.
Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov məlumat verib.
Gündəlikdə duran məsələnin müzakirəsi zamanı deputatlardan Hüseyn Bağırsoylu, Ehtimad Məmmədov, Elman Cəfərli və Əmir Babayev sual, fikir və təkliflərini səsləndiriblər.
Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələrin keçirilməsi həm forma, həm də mahiyyət etibarilə Ali Məclisin təcrübəsində bir ilkdir. İclasda Hesablama Palatasının auditor hesabatının təqdim olunması büdcə inzibatçılığı, bütövlükdə, şəffaflıq və hesabatlılıq üçün mühüm addımdır.
Sonda deputatlar tərəfindən səsləndirilən suallara Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov və Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli aydınlıq gətirib, fikirlərə münasibət bildiriblər.
İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin iclası başa çatıb.