Elektron imza dövlət strukturları ilə sürətli elektron sənəd mübadiləsinin aparılmasına imkan yaradır və vaxta qənaət edir.
Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi muxtar respublikada uğurla davam etdirilir. Belə ki, cari ilin yanvar-avqust ayları ərzində 1-i vətəndaş, 6-sı sahibkar, 64-ü hüquqi şəxs, 231-i dövlət qurumu olmaqla, ümumilikdə 302 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzadan bütün vətəndaşlar o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.