Bu münasibətlə “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 6 dekabr 2023-cü il tarixdə Nazirliyin Aparatının və tabeli qurumlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər.
Gənclər Fondunda davam edən tədbirdə nazir müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, rabitə sahəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda informasiya əsrinin müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə rabitə və yeni texnologiyaların inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilib. Muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Həmçinin, rabitə sahəsi üzrə yeniliklər və gələcək perspektivlər haqqında da tədbir iştirakçılarına ətraflı məlumatlar verilib.
Sonra məruzə ətrafında Nazirliyin əməkdaşlarının çıxışları dinlənilib, o cümlədən fəaliyyətlərində fərqlənən bir qrup əməkdaş Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin fəxri fərmanları və “Rabitə ustası” fəxri adı ilə təltif ediliblər.
Sonda rabitə sahəsində görülmüş işlərə dair videoçarx nümayiş olunub.