Avropa istehsalçıları 100% elektrik avtomobillərinə keçiddə geri addım atmağa başlasalar da, bu avtomobillərə tələbat hələ də yüksək olmaqda davam edir. Belə ki, bu il qlobal elektrik avtomobil satışlarının 17 milyona yaxınlaşacağı və bunun 62 faizinin Çində satılacağı proqnozlaşdırılır. Bu rəqəm dünya üzrə bütün avtomobil satışlarının təxminən 19 faizinə uyğundur. Analitiklərə görə, əgər belə davam edərsə 2030-cu ildə dünyada satılan hər iki avtomobildən biri elektrikli olacaq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2024” hesabatına əsasən, bu ilin birinci yarısında dünyada 7 milyon elektrik avtomobili satılıb. Bu dövrdə satışlar ötən ilin birinci yarısı ilə müqayisədə 25 faiz artıb. Elektrikli avtomobil satışlarında bu artımın yüzdə 80-i Çinin payına düşərkən, ilin ilk yarısında 7 milyon elektrikli avtomobil satışının 4 milyonu Çində qeydə alınıb. Bununla belə, Çin istisna olmaqla, dünyanın qalan hissəsində elektrikli avtomobil satışlarının artımı 10 faiz səviyyəsində qalıb. Avropa İttifaqında (Aİ) satışlar sabit qalarkən, ABŞ-da tədricən artım müşahidə olunub.
Böyük Britaniyada yerləşən Rho Motion tədqiqat şirkətinin proqnozuna görə, bu il elektrikli avtomobil satışı 16,8 milyona çatacaq. Bu satışların 10,5 milyonu Çində, 3,1 milyonu Aİ, Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri və Böyük Britaniyada, 1,8 milyonu isə ABŞ və Kanadada qeydə alınacaq.