Muxtar respublikada informasiya texnologiyalarının
inkişafı daim diqqətdə saxlanılır
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. Bu gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.
Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daima islahatlar aparılır.
İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün əsas vasitələrdəndir Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasında informasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.
Bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması üçün “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul olunmuş, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilmiş, gənclərin müasir informasiya kommunikasiya texnologiyaları üzrə artırılması üçün ölkəmizdə bütün şərait yaradılmış, bütün tədris müəssisələrində zəruri infrastruktur qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılmasına öz töhfəsini verəcəkdir. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər əsas hədəflərdəndir.
Ölkəmizdə bu sektorun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsidir ki, 44 günlük Vətən Müharibəsində ölkəmiz informasiya müharibəsində də qalib kimi çıxış etmiş və hazırkı imkanlarla telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir.
Müasir dünyada İKT-nin dinamik inkişafı, informasiya texnologiyalarının bəxş etdiyi yeniliklərin və informasiya bolluğu təhlükələrin mövcudluğuna şərait yaradaraq kibercinayətkarlara geniş meydan açır. Bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” xüsusi əhəmiyyətə malikdir.
XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmiş, müasir rabitə və informasiya texnologiyaları ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmışdır.
Muxtar respublikada da rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi məqsədilə mühüm işlər həyata keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 31 oktyabr tarixli müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından təqdirəlayiqdir. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görülmüş və mühüm addımlar atılmışdır.
İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt və nəqliyyat sistemini də əhatə etmişdir. Müasir informasiya texnologiyalarının tətbiqi, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il tarixli 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada müasir İnformasiya Kommunikasiya Texnologiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərin artırılması, rəqəmsallaşmanın təmin edilməsi,mobil rabitənin inkişafı, internet xidmətlərinin əlçatanlığı və keyfiyyətinin artırılması fonunda fiber-optik şəbəkənin, eləcə də data idarəçiliyinin formalaşdırılmasına əsas zəmin yaradacaqdır.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Belə ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.