Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində
işə qəbul qaydaları
1. İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında vakant inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Belə ki, vakant dövlət qulluğu vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı (www.dim.gov.az) vasitəsilə müsahibə elanına çıxarılır.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında vakant dövlət qulluğu vəzifələrini tutmaq istəyən şəxslər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçərək ümumi, daxili və ya müsabiqə üzrə müsahibələrdə iştirak etməlidirlər.
2. Nazirliyin tabe qurumlarında işə qəbul
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeli qurumlarında vakant vəzifələrə işə qəbul həmin tabeli qurumun rəhbərliyi tərəfindən təsdiq edilmiş “İşə qəbul qaydaları” əsasında həyata keçirilir. İşə qəbul olmaq istəyən şəxs ərizə ilə müvafiq quruma müraciət etməli və qurum tərəfindən təşkil olunan müsahibələrdə iştirak etməlidir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi strukturuna daxil olmayan tabeli qurumlarında vakansiya yarandıqda vakant vəzifə barədə məlumatlar mütəmadi olaraq məşğulluq mərkəzlərinə təqdim edilir.