Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Radio və TV yayımı

Naxçıvan Muxtar Respublikasında televiziya verilişlərinin yayımı 1963-cü ilin mart ayının 1-də 100 vatlıq teleötürücü ilə başlamışdır. Bir müddətdən sonra yayım dairəsinin genişləndirilməsi üçün həmin ötürücü 2 kilovatlıq ötürücü ilə əvəz olunmuşdur. Bu ötürücü vasitəsilə yerli Naxçıvan televiziyasının verilişləri gün ərzində bir neçə saat yayımlanır və yalnız Naxçıvan şəhərini və ona bitişik əraziləri əhatə edə bilirdi.

1969-cu ilə qədər həyatın bütün sahələrində olduğu kimi, rabitə və teleradio sahəsində də bir çox ciddi problemlər və həllini gözləyən məsələlər mövcud idi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə bir çox sahələrdə olduğu kimi, rabitə və teleötürücü qurğuların inkişafı istiqamətində də əsaslı dönüş yarandı. Belə ki, 1969–1973-cü illər ərzində Şuşada və Naxçıvanda güclü televiziya mərkəzləri yaradıldı. 285 kilometrlik Yevlax–Şuşa–Naxçıvan radio-rele xəttinin çəkilməsi nəticəsində Azərbaycan və Moskva televiziyalarının Naxçıvanda yayımlanması təşkil olundu.

Həmin illərdə televiziya və radio verilişlərinin yayım keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi daim diqqət mərkəzində olmuşdur. 1980-ci ildə muxtar respublikanın rayonlarında Azərbaycan televiziyasının verilişlərini yayımlamaq üçün mövcud radio-rele avadanlıqları daha müasir qurğularla əvəz olundu. Bir il sonra Duzdağ–Dəstə radio-rele xətti və Dəstə Radio-Televiziya Verici Stansiyası istifadəyə verildi. Beləliklə, Ordubad və Culfa rayonlarının əhalisinin əksəriyyəti Azərbaycan və Moskva televiziya verilişlərini izləyə bildi.

Sonrakı dövrlərdə yeni radio-rele xətlərinin və ötürücü stansiyaların qurulması nəticəsində Şərur və Sədərək rayonlarının əhalisi də mərkəzi televiziya verilişlərini izləmək imkanı əldə etdi.

1991-ci ilin sentyabr ayının 20-də erməni silahlı dəstələri tərəfindən Şuşa–Naxçıvan radio-rele xəttinin Batabatda yerləşən Biçənək aralıq stansiyası tamamilə dağıdıldı. Bu hadisə Naxçıvan Muxtar Respublikasının faktiki olaraq tam blokada vəziyyətinə düşməsinə gətirib çıxardı.

24 mart 1992-ci ildə Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq protokolu imzalandı. Protokolda Naxçıvanda rabitə və televiziya yayımının inkişafı xüsusi yer tuturdu. Sənədə əsasən, Türkiyənin TRT televiziya verilişlərinin Naxçıvanda keyfiyyətli yayımlanması üçün zəruri tədbirlər həyata keçirilməli idi.

Sonrakı illərdə Azərbaycan dövlətinin səyləri nəticəsində Naxçıvanın telekommunikasiya blokadasının aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. 1996-cı ildə “TURKSAT” peyk rabitə sistemi vasitəsilə Azərbaycan televiziyasının Naxçıvana ötürülməsi üçün xüsusi kanal ayrıldı. Bundan sonra muxtar respublika əhalisi Azərbaycan televiziya və radio proqramlarını izləmək imkanı əldə etdi.

2003-cü ilin iyun ayının 15-dən etibarən Naxçıvan televiziyası və radiosu ayrıca kanalda yayımlanmağa başladı. Bunun üçün 35 ədəd İtaliya istehsalı olan yeni radio və televiziya ötürücüləri qurulub istifadəyə verildi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli 026 nömrəli “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın təsdiq edilməsi haqqında qərarına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində rəqəmsal televiziya yayımına başlanıldı. 2014-cü ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası ərazisində analoq televiziya yayımı dayandırıldı və tam olaraq rəqəmsal televiziya yayımına keçirildi. “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya vasitəsilə DVB-T2 standartında 67 televiziya proqramı 2015-ci il yanvar ayından muxtar respublika tamaşaçılarının ixtiyarına verilmişdir.

Azərbaycanın inkişafı ilə paralel olaraq, televiziya və radio kanallarının sayı da artmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra televiziya və radio kanalları fəaliyyət göstərir və müasir ötürücü stansiyalar vasitəsilə yayımlanır.

2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış “Naxçıvanın səsi” radiosu və Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 35 illiyi münasibətilə 14 iyul 2004-cü ildə “Kanal-35” elmi-publisistik televiziya kanalı Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində 2020-ci ilin fevral ayına qədər fəaliyyət göstərmişdir.

Beləliklə, 1963-cü ildən başlayan Naxçıvanın radio-televiziya yayımı tarixində qısa müddət ərzində ən mühüm inkişaf mərhələlərindən biri yaşandı. Bu, muxtar respublikada aparılan quruculuq və yenidənqurma işlərinin sürətini və miqyasını aydın şəkildə göstərir.