Naxçıvanda telekommunikasiyanın inkişafı kifayət qədər zəngin mərhələlərdən keçmişdir. Bu inkişafa aparan yolun ilk mərhələsi ötən əsrin əvvəllərinə təsadüf edir. Belə ki, inqilabdan əvvəl (1917-ci il) Naxçıvan qəzasında 5 poçt-teleqram şöbələri və bu şöbələrin ümumi uzunluğu 125 kilometr olan teleqram-telefon xətti olmuşdur. Bunlar əsasən dövlət məmurlarına və varlı şəxslərə xidmət etmişdir.
Naxçıvanda sovet hakimiyyəti qurulduqdan (28 iyul 1920-ci il) cəmi 3 ay sonra dövlət idarə orqanlarını təşkil etmək üçün xüsusi komissiya yaradılmışdır. Bu komissiyanın 17 noyabr 1920-ci il tarixli qərarı əsasında Naxçıvan Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və rabitə stansiyasının mərkəzi Naxçıvan şəhərində olmaqla, Şahtaxtı, Culfa, Yaycı və Ordubadda da rabitə məntəqələrinin yaradılması qərara alınmışdır. Naxçıvan Respublikası Dairə və İnqilab Komitəsinin 24 iyul 1921-ci il tarixli birgə iclasının 86 nömrəli protokolundan aydın olur ki, artıq həmin tarixdə Naxçıvanda Poçt-Teleqraf Rabitə Komissarlığı fəaliyyət göstərmişdir. 30 mart 1946-cı il tarixdən komissarlıq Naxçıvan Vilayət Rabitə İdarəsinə çevrilmişdir.
Naxçıvan MSSR Nazirlər Sovetinin 13 sentyabr 1968-ci il tarixli 240 nömrəli qərarı ilə (Azərbaycan SSR Nazirlər Sovetinin 20 avqust 1968-ci il tarixli 361 nömrəli qərarına əsasən) Naxçıvan MSSR Rabitə İdarəsi “Naxçıvan MSSR Texniki-İstehsalat Rabitə İdarəsi” adlandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli qərarından sonra isə “Naxçıvan Muxtar Respublikası Texniki-İstehsalat Rabitə İdarəsi” adlanmış və 1992-ci ildən Naxçıvan Muxtar Respublikası Texniki-İstismar Rabitə İdarəsi adı ilə fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 sentyabr 2001-ci il tarixli fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Texniki-İstismar İdarəsi ləğv edilmiş və onun bazasında Naxçıvan Muxtar Respublikası Rabitə Nazirliyi yaradılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 fevral 2004-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə Nazirliyi ləğv edilmiş və onun əsasında Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 19 sentyabr 2014-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə, daha sonra isə struktur dəyişikliyi ilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2024-cü il 18 oktyabr tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin, habelə rayon (şəhər) rabitə idarələrinin bazasında Nazirliyin tabeliyində “NTelekom” publik hüquqi şəxsi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 8 avqust tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil edilmişdir. “N-Telekom” publik hüquqi şəxsi “Naxçıvan Telekom” MMC-yə, “Naxçıvanpoçt” publik hüquqi şəxsi isə “Naxçıvanpoçt” MMC-yə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 17 dekabr tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” və “Naxçıvan Telekom” MMC-lər, o cümlədən “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılmışdır. Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə, eləcə də müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə poçt rabitəsi, internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəzin fəaliyyət istiqamətləri sırasında poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin tətbiqi, vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir.