Xəbərlər
2026-10-16 15:49:00
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatının nümayəndələri, Nazirliyin rəhbər vəzifəli şəxsləri, əməkdaşları və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətzadə, YAP Naxçıvan şəhər təşkilatının sədr müavini Rail Tağızadə, YAP-ın ərazi partiya təşkilatının sədri Emil Quliyev və Nazirliyin əməkdaşı, ictimai fəal Araz Xəlilov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsində oynadığı mühüm roldan, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, onun müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən bəhs olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeyi daha da möhkəmlənib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin qüdrətinin və inkişafının bariz nümunəsi kimi qiymətləndirilib.
Müşavirədə, həmçinin milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinə sədaqət, vətənpərvərlik ruhunun gücləndirilməsi, cəmiyyətdə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Müasir informasiya mühitində ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin, xüsusilə gənclər arasında milli dövlətçilik düşüncəsinin və vətəndaş məsuliyyətinin təşviqinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, YAP-ın VIII Qurultayında müəyyən edilmiş siyasi və təşkilati hədəflər, partiya üzvlərinin üzərinə düşən vəzifələr, ictimai-siyasi proseslərdə fəallığın artırılması və partiyanın fəaliyyət prinsiplərinin gündəlik işdə rəhbər tutulmasının vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, dövlət qurumlarında çalışan partiya üzvləri peşəkar fəaliyyəti, məsuliyyətli davranışı, vətəndaşlara həssas münasibəti və ictimai təşəbbüskarlığı ilə nümunə olmalı, dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməlidirlər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Kopyala