Xəbərlər
2026-08-11 17:55:00
Prezident İlham Əliyev Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, yenidənqurma işləri ilə tanış olub
"Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.
Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.
Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.
“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.
Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.
Kopyala