Xəbərlər
2026-08-18 00:00:00
Nazirlikdə yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov dövlət qulluğuna qəbul üzrə keçirilmiş müsabiqədən uğurla keçərək Nazirlikdə müvafiq vəzifələrə təyin olunan əməkdaşlarla görüşüb.
Azər Məmmədrəhimov əməkdaşları dövlət qulluğuna qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə bildirilib ki, dövlət qulluğuna müsabiqə əsasında qəbul bilik və bacarıqların obyektiv qiymətləndirilməsinə, dövlət idarəçiliyində peşəkar və hazırlıqlı kadr potensialının formalaşdırılmasına xidmət edir.
Bu prosesin davamı olaraq bu il müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış daha 4 nəfərin müvafiq əmrlər əsasında nazirlik sistemində dövlət qulluğu üzrə vakant yerlərə işə qəbulu təmin olunub.
Qeyd olunub ki, müsabiqədən uğurla keçmək mühüm nailiyyət olmaqla yanaşı, dövlət və vətəndaş qarşısında məsuliyyətli xidmət yolunun başlanğıcıdır.
Nazir vəzifəsini icra edən dövlət qulluqçusunun fəaliyyətində qanunçuluğun, dürüstlüyün, məsuliyyətin, icra intizamının və vətəndaş məmnunluğunun əsas prinsiplərdən olduğunu diqqətə çatdırıb. Yeni əməkdaşlara daim öz üzərlərində işləmək, bilik və bacarıqlarını inkişaf etdirmək, təşəbbüskar olmaq və fəaliyyət göstərdikləri istiqamətlər üzrə konkret nəticələr əldə etməyə çalışmaq tövsiyə edilib.
Nazirliyin fəaliyyət istiqamətlərinin rəqəmsal inkişaf, elektron kommunikasiya və nəqliyyat kimi dinamik sahələri əhatə etdiyi vurğulanaraq əməkdaşların yeniliklərə açıq olmalarının, müasir texnologiyaları və idarəetmə yanaşmalarını mənimsəmələrinin əhəmiyyəti qeyd edilib.
Azər Məmmədrəhimov Nazirlikdə əməkdaşların peşəkarlığına, təşəbbüskarlığına və fəaliyyət nəticələrinə önəm verildiyini bildirərək hər bir əməkdaş üçün özünü inkişaf etdirmək və peşəkar potensialını reallaşdırmaq imkanlarının yaradılmasının vacibliyini vurğulayıb.
Görüşün sonunda yeni əməkdaşların müvafiq vəzifələrə təyin olunması ilə bağlı əmrlər təqdim edilib, onlarla fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkilib.
Kopyala