Xəbərlər
2026-08-20 16:45:00
Nazirlikdə fövqəladə hallardan qorunma ilə bağlı maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə iştirakçılara zəruri biliklərin çatdırılması olub.
Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, dəm qazı təhlükəsindən qorunma yolları, yay mövsümündə dənli və texniki bitki sahələrində, habelə meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin 101 xidmət nömrəsinin təyinatı barədə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib.
Kopyala