Şərurda vətəndaş qəbulu keçirilib
Martın 13-də Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və nazir müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Ümummilli Lider Heydər Əliyevin Şərur rayonunda ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyublar.
Qəbul zamanı sakinlərin telekommunikasiya, poçt və nəqliyyat sahələri, eləcə də iş təminatı ilə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq keçirilib.