Şərurda İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində yaradılmış şəraitlə tanış olunub
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur rayon filialında yaradılmış şəraitlə tanış olub.
Filialın müdiri Həsən Cəfərov məlumat verərək bildirib ki, mərkəz bölgədə rəqəmsal savadlılığın artırılması və gənclərin müasir texnologiyalara inteqrasiyası baxımından mühüm rol oynayır. Müasir standartlara uyğun qurulan tədris müəssisəsi gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün innovativ tədris məkanı kimi fəaliyyət göstərir.
Qeyd olunub ki, mərkəzdə müxtəlif istiqamətlər üzrə təlimlər təşkil edilir. Tədris proqramı çərçivəsində iştirakçılar əməliyyat sistemləri, Microsoft Office proqramları və internet xidmətlərindən istifadə qaydalarını öyrənir, internet resurslarından səmərəli istifadə, elektron hökumət xidmətləri və rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırırlar. Bununla yanaşı, başlanğıc səviyyədə qrafik dizayn, kodlaşdırma və proqramlaşdırma üzrə də təlimlər keçirilir.
Bildirilib ki, mərkəz müasir texniki avadanlıqlarla təmin olunub. Tədris otaqları yeni kompüter dəstləri və interaktiv lövhələrlə təchiz edilib, yüksək sürətli internet bağlantısı yaradılıb ki, bu da tədris prosesində onlayn resurslardan fasiləsiz istifadə imkanları yaradır. Kursları uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunur.
Tanışlıq zamanı mərkəzdə yaradılmış maddi-texniki bazanın yüksək səviyyədə olduğu qeyd olunub. Bununla yanaşı, mövcud imkanların daha səmərəli istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Bu məqsədlə mərkəzin fəaliyyətinin daha da gücləndirilməsi, təlimlərin sayının artırılması, yeni və müasir istiqamətlər üzrə proqramların tətbiqi, gənclərin və digər yaş qruplarının tədris prosesinə daha geniş cəlb edilməsi ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilib.