
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC və “PAŞA Holding” 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları üçün sosial dəstək proqramı həyata keçirib.
8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan bu tədbir şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Proqram çərçivəsində şəhid övladları Mərkəzi poçt şöbəsinə gələrək müəssisənin gündəlik fəaliyyəti, poçt göndərişlərinin emalı və çatdırılma prosesi ilə əyani şəkildə tanış olublar. Balacalara poçtun iş prinsipi, göndərişlərin izlənməsi və müasir poçt texnologiyaları haqqında maraqlı məlumatlar verilib.
Tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlar üçün kiçik əyləncəli proqram da təşkil edilib. Təqdimat və görüş prosesi “Naxçıvanpoçt” əməkdaşlarının dəstəyi ilə, isti və mehriban mühitdə baş tutub.
Qeyd edək ki, bu sosial təşəbbüs “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsinin birgə icra etdiyi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi şəhid ailələrinin sosial rifahına töhfə vermək, onların övladlarına mənəvi dəstək göstərmək və Zəfər Günü münasibətilə qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaqdır.
Bu kimi tədbirlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əmanətlərinə olan ehtiramın, onların ailələrinə və övladlarına göstərilən daimi diqqət və qayğının təzahürüdür.
Zəfər Günündə qəhrəmanlarımızın əmanətləri unudulmur!
Vətən onların fədakarlığı ilə daim ucalır!