
Azərbaycan Respublikası ərazisində radioefirə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə növbəti mühüm addım atılıb. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən sistemli şəkildə aparılan silsilə tədbirlərin davamı olaraq bu günlərdə Dövlət Radiotezliklər İdarəsi və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində avtonom radiomonitorinq stansiyasının qurulması və istifadəyə verilməsi uğurla tamamlanıb.
Layihə çərçivəsində hər iki qurumun əməkdaşlarının səyi nəticəsində qısa müddətdə günəş panelli avtonom enerji sistemi üzərində qurulmuş, proqram təminatı əsaslı SDR radioqəbuledici və onun komplektləşdiricilərindən ibarət müasir radiomonitorinq stansiyasının layihələndirilməsi və montajı icra edilib.