Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “babek-ih.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
Yenilənmiş internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.
Saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə (mail@babek-ih.gov.az) təmin edilibdir.
Qeyd edək ki, muxtar respublikada digər rayon (şəhər) icra hakimiyyətlərinin də internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi diqqətdə saxlanılacaqdır.