"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“KiberSferada təhlükəsizlik: Maarifləndirmə və Təcrübə” mövzusunda təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Codelandia” MMC-nin birgə təşkilatçılığı ilə 23 oktyabrda “KiberSferada təhlükəsizlik: Maarifləndirmə və Təcrübə” mövzusunda maarifləndirici təlim keçirilib. Tədbirin məqsədi dövlət qurumlarında çalışan əməkdaşların kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin rəqəmsal savadlılığın gücləndirilməsi olub.

Naxçıvan Dövlət Texniki Kollecinin iclas zalında keçirilən tədbirdə muxtar respublikadakı dövlət qurumlarının İT mütəxəssisləri, informasiya təhlükəsizliyi üzrə məsul şəxslər və tələbələr iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri Etibar Əjdərov və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova çıxış edərək kibertəhlükəsizlik sahəsində maarifləndirmə fəaliyyətinin vacibliyini vurğulayıblar.

Təlim zamanı “Codelandia” MMC-nin əməkdaşları Toğrul Xəlilov və Rüstəm İsmayılov kibertəhlükəsizlik sahəsində aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara informasiya təhlükəsizliyi və kibergigiyena prinsipləri, fərdi məlumatların qorunması, şifrə təhlükəsizliyi, fişinq hücumlarından müdafiə üsulları, sosial mühəndislik risklərinin azaldılması, eləcə də açıq mənbə məlumatlarının (OSINT) kibertəhlükəsizlikdə rolu, kiberhücumların proqnozlaşdırılması və risklərin erkən aşkarlanması istiqamətində praktik tövsiyələr təqdim olunub.

Təlim interaktiv şəkildə təşkil olunub, iştirakçılarla sual-cavab və müzakirə sessiyaları keçirilib.

Qeyd edək ki, tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rəqəmsallaşma və qanunvericilik” layihəsi çərçivəsində həyata keçirilib.