Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirib ki:
-Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
-Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
-Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.
-Hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
-Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir.
-Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.
-Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən.
-Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.