"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dövlət idarəçiliyi süni intellektə hazırdırmı?

Süni intellekt dövlət idarəçiliyində necə tətbiq edilir? Qabaqcıl təcrübə nə kimi meyarlara əsaslanır? Hansı ölkələr öndədir? Azərbaycan region ölkələri ilə müqayisədə hansı mövqedədir? 

“Oxford Insights” təşkilatının “Government AI Readiness Index” adlı reytinqi ölkələrin süni intellektə hazırlıq səviyyəsini ölçür. Reytinq ümumilikdə süni intellektin tətbiqinin dövlət idarəçiliyi, texnoloji sahibkarlıq, data və infrastruktur meyarları əsasında təhlilini apararaq ölkələrin hazırlıq səviyyəsini müəyyən edir. Hesabatda deyilir ki, hər bir ölkənin süni intellektə hazırlığı məhz bu meyarların bir-birini uğurlu şəkildə tamamlaması nəticəsində mümkündür.

Belə ki, 2024-cü ilin məlumatlarını özündə birləşdirən son hesabatda 188 ölkənin statistik göstəriciləri yer alır. İndeksin ilk beşliyində bütün meyarlar üzrə yüksək ortalama nəticələrlə ABŞ, Sinqapur, Böyük Britaniya, Koreya Respublikası və Fransa kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələr qərarlaşıb.

ABŞ-nin göstəriciləri bu ölkənin süni intellekt sahəsində birmənalı lider olduğundan xəbər verir. Hesabat onu da xüsusilə vurğulayır ki, Birləşmiş Ştatların üstünlüyü digər ölkələrlə müqayisədə texnoloji sahibkarlıq seqmentinin güclü inkişaf etdiyindən irəli gəlir. Bu da aydın məsələdir: Silikon vadisindəki nəhəng korporasiyalar və dünyanın ən dinamik startap ekosistemi güclü texnoloji özülü formalaşdırır. Öz növbəsində bu da imkan yaradır ki, yeni texnologiyalar dövlət sektoruna transfer edilsin.

Dövlət idarəçiliyində süni intellektin tətbiqi, eləcə də data və infrastruktur üzrə yüksək ortalama göstəriciləri ilə seçilən digər ölkə reytinqdə ikinci yeri tutan Sinqapurdur.  Düzdür, Sinqapurun texnoloji sahibkarlıq ekosistemi ABŞ-dəki kimi çoxşaxəli deyil. Lakin bu kiçik şəhər-dövlətin ən böyük üstünlük əldə etdiyi sahə dövlət idarəetməsində süni intellekt həllərinin çevik tətbiqidir. Onu da qeyd etmək lazımdır ki, Sinqapur BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində ilk üçlükdə yer alıb. Yəni bu o deməkdir ki, Sinqapur həqiqətən də süni intellekti inkişaf etdirməklə, o cümlədən data mərkəzləri və infrastrukturu gücləndirməklə öz dövlətçilik modelini texnoloji cəhətdən təkmilləşdirə bilib. 

Hesabatda xüsusi diqqət çəkən məqam odur ki, dövlət səviyyəsində süni intellekt strategiyası qəbul etmiş ölkələrin coğrafiyası da genişlənir. Belə ki, 2024-cü ildə Nigeriya, Kuba, Kosta Rika, Şri Lanka, Zambiya və Azərbaycana coğrafi cəhətdən yaxın olan Özbəkistan və Qazaxıstan milli süni intellekt strategiyalarını qəbul ediblər.

Türk Dünyasında Süni İntellektin Mənzərəsi

Türk dünyası ölkələrində də süni intellektin inkişaf dinamikası diqqət çəkir. Türkiyənin bu kontekstdə liderliyi açıq-aydın hiss olunur. Belə ki, 2021-ci ildə Türkiyədə süni intellekt üzrə milli strategiya qəbul edilib. Bu ölkə “Oxford Insights”ın 2024-cü ilin reytinqində 53-cü yeri tutaraq türkdilli dövlətlər arasında ən yuxarı göstəriciyə nail olub. Meyarlar üzrə baxdıqda, Türkiyənin ən yüksək göstəricisi dövlət idarəçiliyində süni intellektin tətbiqi sahəsindədir (70,74 bal).

Mərkəzi Asiya ölkələri arasında ilk süni intellekt strategiyasını qəbul edən ölkə Qazaxıstandır (2024). Bu ölkədə hətta Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi də təsis edilib. Son bir il ərzində Astanada süni intellekt üzrə universitetin təsis edilməsi planlaşdırılıb. Ölkədə Beynəlxalq Sİ Mərkəzi “Alem AI” fəaliyyət göstərir. “Oxford Insights” reytinqində isə Qazaxıstan 76-cı yerdə qərarlaşıb. Hesabata görə ölkənin ən güclü istiqaməti data və infrastruktur quruculuğudur (65.93 bal).

Özbəkistan da ölkə səviyyəsində əsas süni intellekt sənədini 2024-cü ildə təsdiqləyib və ötən bir ildə bu istiqamətdə əhəmiyyətli addımlar atıb. Ölkə rəhbərliyi növbəti beş ildə süni intellekt infrastrukturuna 1 milyard dollar investisiya ediləcəyini açıqlayıb. Həmçinin Özbəkistanda  2025-ci ilin sonunadək Sİ əsaslı hökumət portalının istifadəyə verilməsi gözlənilir. “Oxford Insights” reytinqinə əsasən Özbəkistan Mərkəzi Asiyanın ən yüksək göstəricisinə sahib olmaqla reytinqin 70-ci mövqeyində qərarlaşıb. Meyarlar üzrə ən güclü tərəfi dövlət idarəçiliyində süni intellekti tətbiq etməsidir (64,71 bal).

Beləliklə, Özbəkistan və Qazaxıstanın ötən il milli strategiyalarını qəbul etməsi və strategiya çərçivəsində böyük layihələrin icrasına başlaması bu ölkələrin “Oxford Insights” reytinqində də əhəmiyyətli irəliləyişinə təkan verdiyini deyə bilərik.

Türkmənistan və Qırğızıstanda da süni intellektin inkişafına yönəlik fəaliyyət gündəmdədir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ilin oktyabrında 2026-2028-ci illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Konsepsiyasını təsdiq edib və bu konsepsiyada süni intellekt həllərinin iqtisadiyyata inteqrasiyası mexanizmləri yer alır.

Qırğızıstanın baş naziri bu ilin əvvəlində bildirib ki, süni intellekt strategiyasının tamamlanması üzərində hazırlıq işləri gedir və bu məqsədlə Milli Şura da yaradılıb. Lakin Qırğızıstan hələ ki, Türkmənistanla reytinqdə müvafiq olaraq 134-cü və 153-cü yerlərlə kifayətləniblər.

Azərbaycan və Süni İntellekt

Azərbaycan bu hesabatda 188 ölkə arasında ortalama 39,92 balla 111-ci mövqedədir. Meyarlar üzrə baxdıqda, ölkəmizin ən yüksək nəticəsi data və infrastruktur quruculuğu sahəsindədir (~ 55 bal). Ən aşağı göstəricimiz texnoloji sahibkarlıq istiqamətindədir – 29,43 bal.

Hesabat bütün ölkələri həmçinin regionlar üzrə qruplaşdırıb və Azərbaycan Cənubi və Mərkəzi Asiyaya aid olan ölkələr sırasına daxil edilib. Ümumilikdə, bu regionda 17 ölkənin göstəriciləri müqayisə edilir. İlk üçlüyə Hindistan, Türkiyə və Özbəkistan liderlik edir. Azərbaycan bu regionun ölkələri arasında 10-cu yerdə qərarlaşıb. Qazaxıstan dördüncü, Gürcüstan isə region üzrə altıncıdır.

Qeyd etmək lazımdır ki, son beş ildə bir çox ölkədə süni intellekt sahəsinin inkişafı istiqamətində ciddi və sürətli qərarlar verilib. Bunun nəticəsində həmin ölkələr reytinqlərdə əhəmiyyətli irəliləyişə nail ola biliblər. Azərbaycanın da illər ərzində nümayiş etdirdiyi dinamika sübut edir ki, ölkəmizdə bu sahə inkişaf edir və doğru strategiya ilə daha böyük nəticələr əldə etmək mümkündür.

2025-ci il bu baxımdan Azərbaycan üçün həlledici oldu. Bu il martın 19-da Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq edildi. Strategiya ölkəmizin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Beləliklə, süni intellekt texnologiyasının dövlət, cəmiyyət və biznesin inkişafı naminə tətbiq mexanizmləri, eləcə də bu istiqamətdə yaxın bir neçə il üçün strateji baxış formalaşdırıldı.

Təbii ki, süni intellektin uğurlu tətbiqini güclü insan kapitalı olmadan təsəvvür etmək çətindir. Bu istiqamətdə ölkəmizdə mühüm addım atılmışdır. Bu il sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının açılışı baş tutdu. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılmışdır və əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. 

Bundan əlavə, cari ildə “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartı da qəbul edildi. Mütəxəssislərin rəyincə, bu dövlət standartı süni intellekt sahəsində innovativ həllərin tətbiq imkanlarını genişləndirməklə yanaşı, ölkənin rəqəmsal transformasiya potensialını da artıracaq.

Süni intellektin inkişafı, həmçinin ölkədə data generasiyasının dinamikası ilə sıx bağlıdır. Bir çoxlarının artıq gündəlik “mygov”, “mygov ID” və “SİMA İmza” kimi rəqəmsal həllərdən istifadəsi nəticəsində “Big Data” dediyimiz böyükhəcmli vərilənlər formalaşır. Məlumdur ki, data müasir süni intellektin hərəkətverici qüvvəsidir. Keyfiyyətli data olmadan effektiv süni intellekt həllərinin yaradılması mümkün deyil. Ölkəmizdə rəqəmsal həllərlə yanaşı, data mərkəzləri və bulud həllərinin də istifadəyə verilməsi bu məqsədə xidmət edir.   

Texnoloji Suverenlik Prioritetdir

“Oxford Insights” reytinqinin 2025-ci il üçün nəticələrinin bu ilin dekabrında açıqlanacağı gözlənilir. İndidən əminliklə demək olar ki, ölkəmizin il ərzində əldə etdiyi nailiyyətlər reytinqdəki irəliləyişimizə müsbət təsir etməyə qadirdir. Bu o deməkdir ki, Azərbaycanın növbəti hesabatda yüksək nəticə göstərməsi üçün güclü zəmin yaradılıb.

Lakin digər ölkələrin də süni intellekt yarışında sürətlə hərəkət etdiyini unutmamalıyıq. İstənilən halda süni intellektin ilk növbədə ölkənin maraqlarına və texnoloji suverenliyinin möhkəmləndirilməsinə xidmət etməsi prioritet olmalıdır.