Birinci rüb ərzində Ordubad rayonunda 118 abonent genişzolaqlı internetlə təmin olunub
Muxtar respublikada əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ordubad rayonunda da sakinlərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün yeni texnologiyalar tətbiq edilir, sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatı ödənilir. Cari ilin ilk rübündə rayonda əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi uğurla davam etdirilib, 118 abonent genişzolaqlı internetlə, 20 abonent isə yeni sabit şəbəkə telefon xətti ilə təmin olunub.
Rüb ərzində sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün xətt təsərrüffatının vəziyyəti ilə bağlı monitorinqlər aparılıb, rayonun Vənənd, Kotam, Xanağa, Dizə, Qoşadizə, Baş Dizə, Sabirkənd, Yuxarı Əndəmic, Aza, Üstüpü, Nüs-nüs, Biləv və Dəstə kəndlərində rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün müxtəlif tutumlu kabellərdə təmir işləri aparılıb, zədələnmiş kabellər yeni kabellərlə əvəz olunub, nişan dirəkləri basdırılıb. Həmçinin, yeni abonent qutuları əlavə edilib, istismara yararsız rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülüb.
Rayonda sakinlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.