
1926-cı ilin 17 martında Naxçıvan və naxçıvanlıların həyatında mühüm bir hadisə baş verdi. Naxçıvanın telefonlaşdırılması haqqında verilən qərarla qədim diyarın bir neçə ərazisində telefon xətlərinin çəkilməsinə başlanıldı. Həmin gündən artıq 100 il keçir. Bu gün qədim diyarın ən ucqar dağ kəndlərindən belə dünyanın istənilən nöqtəsi ilə rabitə əlaqəsi yatarmaq mümkündür. Ömrünün 41 ilini rabitə ilə bağlayan Ehtiram Yasinov 1985-ci ildən Naxçıvan şəhər ATS-də işləməyə başlayıb. İllərdir, insanların ev telefonları ilə bağlı qarşılaşdığı problemləri briqadalara çatdırır.
Onunla iş başında həmsöhbət oluruq: “Dünya yaranandan insanlar müxtəlif yollarla bir-biri ilə əlaqə yaratmış, səsini, deyəcəyi sözü çatdırmışlar. Dövr dəyişdikcə insanların ünsiyyət vasitəsinin həm forması, həm də qaydası dəyişib, müasirləşib. Mən bu işə başlayanda Naxçıvan şəhəri ilə rayon mərkəzləri arasında kabel xətləri çəkilmiş rabitə əlaqəsi artıq nizama salınmışdı. Həmin dövrdə indiki kimi asan deyildi bu işlə məşğul olmaq. Beş min nöqtəyə nəzarət etmək işçilər üçün çətin olsa da, biz bunun öhdəsindən gəlirdik. Ən çətin günləri isə 90-cı illərdə yaşadıq. Soyuq, şaxtalı qış günlərində sərhəddimizdə döyüş getdiyi bir vaxtda ən vacib məsələ xəstəxanaların, polis şöbələrinin, yanğınsöndürmə idarələrinin telefon xətlərinə nəzarət edilməsi idi. Çox çətinliklər olsa da, öhdəsindən gəldik, harada qəza baş verdisə və ya qəsdən qəza yaradılıb rabitə əlaqəsi kəsildisə, oraya müdaxilə edib rabitə xətlərini bərpa edirdik”.
Müsahibim onu da qeyd edir ki, müasir dövrdə mobil telefonların istehsalı ilə ev telefonlarının istifadəsi azalsa da bir çox insanlar hələ də öz doğmaları ilə əlaqəni ev telefonu ilə qurur.
Ömrünün 41 ilini bu işdə keçirən, hazırda “Naxçıvan Telekom” MMC Naxçıvan şəhər şöbəsinin texniki xidmət mütəxəssisi kimi çalışan Ehtiram Yasinov onu da qeyd edir ki, müasir dövrdə rabitə xətlərinə nəzarət həddindən artıq asanlaşıb. Rabitə xətlərində baş verən hər hansı bir qəzaya daha tez və asan yolla müdaxilə olunur. İnsanların bu sahədə yaşadıqları çatışmazlıqlar öz həllini tapır. Dövlətimiz hər sahədə olduğu kimi bu sahədə də mühüm işlər görür. Biz də öz işimizdə bu qayğını hiss edirik.
100 il bundan öncə ilin bu günündə verilən qərarla insanların evinə çəkilən telefon xətlərinə gələn zəngdə ilk arzular “Xeyir xəbərlər eşidəsiniz” oldu. Bu gün qədim diyarın uca dağlarının başına dolanıb, uzaq yollardan keçib çəkilən telefon xətləri vasitəsilə doğmalarının səsini duyan insanların hər birinin evində telefon səsi eşidiləndə hər kəs uzaqları yaxın edən zəhmətkeş rabitəçilərə minnətdarlıq hissi duyur.
"Şərq qapısı" qəzeti